Minimum əməkhaqqı ehtiyatla artırılmalıdır | TƏHLİL

   Minimum əməkhaqqı ehtiyatla artırılmalıdır    | TƏHLİL
  10 Oktyabr 2024    Oxunub:314
Gələn il minimum əməkhaqqı və pensiyaların məbləğləri artırılacaq. Parlamentin 7-ci çağırışının ilk iclasında dövlət başçısı bildirmişdi ki, son 5 ildə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, pensiya məbləğisə 2,5 dəfə artıb və gələn ildən bu göstəricilər yenə də artırılacaq.
Əvvəlki şərhlərimin birində proqnoz yazmışdım ki, 2024-cü ildə ucuzlaşma gözlənilməsə də, ciddi bahalaşma, kəskin inflyasiya da olmayacaq. Sosial müdafiə istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmasa da, qlobal neft qiymətləri və yaxud da hər hansı bir sahədə şok xarici təsirlər yaşanmayacaq, il ərzində daha çox iqtisadi artım əldə olunacaq. Düzdür, bu il ərzində elə bir çətinlik baş verməyib, ancaq əhalinin sosial müdafiəsini gücləndirmək baxımından tədbirlərə ehtiyac var. Bu isə minimum əməkhaqqı və pensiya məbləğlərini artırmaq lazım gəldiyini diqtə edir.

Bu il ərzində dövlət büdcəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manat xərcləmək nəzərdə tutulmuşdu. Bu məbləğ keçən ilin müvafiq göstəricinə görə cəmi 6%, yəni 510 milyon manat çoxdur. Halbuki, 2023-cü il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu məbləğ baxımından 2022-ci ildəkindən 1 milyard 31,5 milyon manat çox idi. Yəni, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən iki dəfə aşağı təşkil edirdi. İlin ortasında büdcəyə yenidən baxıldığı zaman da qeyd olunan rəqəmlər dəyişdirilmədi.

Cari ilin dövlət büdcəsinin əvvəldən uğurla, yəni artıqlaması ilə icra edildiyi fonda ilin ikinci yarısında minimum maaş və pensiya məbləğlərini artırmaq imkanı olsa da, ölkədə aylıq minimum əməkhaqqı sistemini saatlıqla əvəz etmək söhbəti ortaya çıxdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məsələlərlə bağlı iyul və noyabr aylarının 1-dək təkliflər hazırlayıb verəcəyi bildirildi.
Xatırladım ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri əvvəl 4 milyard 542 milyon 200 min manat təsdiqlənmişdisə, ilin ortasında yenidən baxış nəticəsində 150 milyon 800 min azaldılaraq, 4 milyard 391 milyon manat edildi.

2024-ci il ərzində sosial istiqamətdə, məsələn, əmək pensiyalarının artırılması sahəsində addım atılıb. Lakin... Əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların da əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalara əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması qanunvericilikdən irəli gələn tələb sayıldığından, heç bir sosial paket məsələsi hesab edilmir. Bu, hər ilin əvvəlində həyata keçirilib və keçiriləcək. Minimum əməkhaqqının artırılması məsələsinə gəldikdə, təkrar edirəm, bəli, cari ilin birinci rübündə dövlət büdcəsinin icrası nəticələri nöqteyi-nəzərindən buna ilin ikinci yarısında imkan var idi. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu barədə noyabrın 1-dək təkliflər verəcəyi bildirildi.

Son 5 ildə minimum əməkhaqqı prezidentin dediyi kimi, 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə 2023-cü ildə yüksəldilib. Nəticədə əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlki illərə nisbətən, daha çox və sürətlə artıb. Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illər sırasında 2019-cu il xüsusi ilə seçilib. Həmin ilin mart və sentyabr aylarında 2 sosial paket icra edilməklə minimum əmək haqqı 130 manatdan 250 manata qaldırıldı və ilk dəfə olaraq ölkə üzrə müəyyən edilən yaşayış minimumunu keçdi. Hökumət neçə illər idi buna çalışırdı. Artıq, 5 ildir, minimum əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksəkdir.

Lakin, sözügedən göstərici ilə bağlı yenə hər şey tələb olunan vəziyyətdə deyil. Onun həddi ilə yanaşı, əhəmiyyəti, rolu bir daha artırılmalıdır. Bu göstərici 1 yanvar 2023-cü il tarixdən 15% deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60%-nə çatdırmağı öhdəlik götürüb. Ancaq iş bundadır ki, bu məsələdə düşünülməmiş addım atmaq olmaz. Minimum əməkhaqqının əsassız olaraq artımı ilk növbədə dövlət sektorunda çalışan 800 min nəfərə yaxın işçinin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sosial-paket   Əməkhaqqı  





Xəbər lenti